Süni intellekt insanları əvəz edəcəkmi?

Süni intellektin insanı əvəz edib-edə bilməyəcəyi mövzusu müasir dövrün ən çox müzakirə olunan suallarından biridir. Bu texnologiyanın inkişafı ilə bağlı böyük nailiyyətlər olsa da, onun insanı tam şəkildə əvəz edə bilməsi real görünmür. Bunu bir misalla izah etmək olar: Təsəvvür edin ki, siz kənddə və ya şəhərdə yaşayırsınız və övladınız xəstələnir. Onu xəstəxanaya aparırsınız. Xəstəxana tam təchiz olunmuş və müasir avadanlıqlarla təmin edilmiş olsa da, orada həkimlər yoxdur və onlar yalnız 10 gün sonra qayıdacaqlarını bildirirlər. Bu vəziyyətdə, əməliyyat otağı və bütün lazımi avadanlıqlar olsa da, siz cərrah olmadığınız üçün övladınızı əməliyyat edə bilmirsiniz. Amma fərz edin ki, ata həm də cərrahdır. Belə bir vəziyyətdə ata həkimlərin mövcud olmamasına baxmayaraq, əməliyyat otağında olan avadanlıqlardan istifadə edərək övladını əməliyyat edə bilir.

Bu misal süni intellektin iş prinsiplərini əks etdirir. Süni intellekt bir çox məlumatı analiz edir, lakin əgər istifadəçi həmin sahədə heç bir biliyə malik deyilsə, AI həmin istifadəçiyə ciddi bir kömək edə bilmir. Məsələn, əgər siz proqramlaşdırmanı bilmirsinizsə, süni intellektin “Python” haqqında hər şeyi bilməsi sizə kömək etməyəcək. Lakin proqramlaşdırmanı bilirsinizsə, süni intellekt sizin işinizi çox sürətləndirə və asanlaşdıra bilər. Bu, süni intellektin əvəz edən deyil, yardımçı bir alət olduğunu göstərir.

Süni intellektin əsas gücü baş vermiş və təkrarlanan hadisələri analiz edərək nəticələr çıxarmaqdır. Lakin tamamilə yeni bir sahədə və ya bilinməyən məlumatlarla işləmək üçün AI-nin tək başına yetərli olması hələlik mümkün deyil. Bu səbəbdən, süni intellekt insanı əvəz edə bilməz. O, sadəcə olaraq insanın işini asanlaşdırır və vaxt qənaətinə kömək edir.

Misal üçün, sizdən İstanbul haqqında bir məqalə yazmağınızı istəsək, adi şəraitdə bu məqaləni hazırlamaq üçün Google-da uzun müddət araşdırma aparmalı, yüzlərlə məqalə oxumalı və nəticədə bir neçə səhifəlik məqalə hazırlamalısınız. Süni intellekt isə bu prosesi çox sürətləndirir. Sadəcə ona “İstanbul haqqında məqalə yaz” dediyiniz zaman, o, mövcud məlumatları sistemləşdirərək sizə təqdim edir. Amma süni intellektin bunu edə bilməsi üçün artıq mövcud olan məlumatlara əsaslanır.

Süni intellektin əsas məhdudiyyətlərindən biri də kreativlikdir. Kreativ və tamamilə yeni kontekstlər yaratmaq, yeni kəşflər etmək üçün insana həmişə ehtiyac olacaq. Süni intellekt hazırda mövcud məlumatları analiz etməklə və sistemləşdirməklə vaxt qənaətinə nail olur. Lakin insan yaradıcılığı və intellektual dərinlik tələb edən sahələrdə onun insanı əvəz etməsi mümkün deyil.Tarixin hər dövründə insan yaradıcılığı və zəkanı mərkəzə qoyub, texnologiyalardan isə yalnız bir vasitə kimi istifadə edib. Bu gün süni intellekt də bu rolu oynayır. Gələcəkdə onun daha güclü prototipləri yaradılsa da, insanın yerini tamamilə tutması real görünmür. İnsan hər zaman yeni ideyalar yaratmaq və həyatın kreativ tərəflərini inkişaf etdirmək üçün əsas qüvvə olaraq qalacaq.