Kiçik və orta sahibkarlıqda sistem qurmaq effektivdir?
Kiçik şirkətlərdə sistem quruculuğu, çox vaxt həddindən artıq böyük ölçülü ayaqqabı geyinməyə bənzəyir. Bu vəziyyət, həm vaxt, həm də maddi resurslar baxımından problemlərə səbəb ola bilər. Kiçik bizneslər üçün kompleks və bahalı sistemlərə investisiya etmək, əksər hallarda əlavə baş ağrısına çevrilir. Sistem quruculuğu mürəkkəb bir prosesdir və dərhal gəlir gətirmir.
Məsələn, sistem qurduğumuz bir şirkətin təcrübəsi buna əyani nümunədir. İlk il ərzində sistemin tətbiqi heç bir gəlir artımı təmin etmədi. Sadəcə sistem quruldu və əlavə xərc çəkildi. İkinci il ərzində isə şirkətin dövriyyəsi və xərcləri əvvəlki səviyyədə qaldı. Lakin üçüncü ildə vəziyyət kəskin şəkildə dəyişdi: mənfəət iki dəfədən çox artdı. Bu nəticə, bütün proseslərin tam oturuşmasından sonra mümkün oldu. Üçüncü ildə biznes əməliyyatları səmərəli şəkildə idarə edilməyə başlandı və hər mərhələdə effektivlik təmin edildi.
Bu prosesin ən önəmli tərəfi ondadır ki, nəticələr dərhal əldə edilmir. İkinci ilin ilk yarısında belə, sistemin təsiri hələ hiss olunmurdu. Lakin ikinci ilin ortalarından başlayaraq, sistem gəlir gətirməyə başladı və ciddi bir dönüş təmin etdi. Bu səbəbdən, qısa müddətdə sistemə investisiya edib nəticə gözləyən, maddi baxımdan zəif şirkətlər bu prosesə daxil olduqda, çox vaxt yarımçıq dayandırmaq məcburiyyətində qalırlar.
Sistemi yarımçıq dayandırmaq isə, çox vaxt sahibkarların gözündə bu prosesin çətin və qorxulu bir addım kimi görünməsinə səbəb olur. Halbuki sistem quruculuğu, uzunmüddətli yanaşma və maliyyə dayanıqlığı tələb edir. Kiçik və orta sahibkarlıqda bu qərarı qəbul edərkən, prosesin başlanğıc mərhələlərində gəlir artımının müşahidə edilməyəcəyini nəzərə almaq lazımdır. Bu səbəbdən, yalnız kifayət qədər resurs və səbirə malik olan bizneslər üçün sistem quruculuğu effektiv ola bilər.