Süni intellekti bütün bizneslərə adaptasiya etmək doğrudurmu?
Müasir dövrdə yeniliklərin tətbiqi hər bir şirkət üçün maraq doğurur və bir çox hallarda faydalı olur. Lakin hər yeniliyin hər kəs üçün zəruri olması fikri ilə razılaşmaq çətindir. Süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı dünyada bəzən həddindən artıq pafoslu yanaşmalar müşahidə olunur. Amma reallıq budur ki, süni intellekti hər sahədə və hər vəziyyətdə tətbiq etmək mümkün deyil.
Bunun əsas səbəbi məlumat bazasının mövcudluğudur. Süni intellekt yalnız mövcud məlumatlardan öyrənərək fəaliyyət göstərə bilir. Əgər bir şirkətin kifayət qədər məlumatı yoxdursa, həmin şirkətdə süni intellekti tətbiq etmək qeyri-mümkündür. Məlumatlar süni intellektin öyrənməsi üçün əsas resursdur. Bu məlumatlar olmadan, ən müasir süni intellekt texnologiyaları belə effektiv fəaliyyət göstərə bilməz.
Xarici ölkələrdə belə bu problem müəyyən çətinliklər yaradır. Məsələn, bəzi şirkətlər hava şəraitinin satışlara təsir etdiyini anlayır, lakin bu təsiri analiz etmək üçün kifayət qədər məlumatları olmur. Yağışlı günlərdə satışların azalması, quru havalarda isə artması kimi nümunələri nəzərə alaraq, onlar bu gün hava şəraiti ilə bağlı məlumat toplamağa başlayırlar. Bu prosesin məqsədi gələcəkdə süni intellektdən istifadə edərək daha dəqiq analizlər aparmaqdır. Bu nümunə göstərir ki, hətta inkişaf etmiş ölkələrdə belə süni intellektin hər sahədə tətbiqi asan deyil. Ad olaraq və ya müəyyən proseslərdə tətbiqi mümkündür, amma effektiv şəkildə fəaliyyət göstərməsi üçün məlumat bazası vacibdir.
Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Süni intellekt əsasən satış və ya alış məlumatları ilə çalışan şirkətlər üçün daha aktualdır. Digər sahələrdə isə onun tətbiqi daha məhduddur. Bunun əsas səbəbi məlumatların azlığı və ya məlumat toplama mexanizmlərinin mövcud olmamasıdır. Bir çox şirkət hələ də məlumat toplama və sistemləşdirmə mərhələsindədir.
Süni intellektin tətbiqi üçün ilk növbədə əsaslı bir məlumat bazası yaradılmalıdır. Şirkətlərin topladıqları məlumatlar sistemləşdirildikdən sonra süni intellekt texnologiyalarından effektiv istifadə etmək mümkündür. Yalnız bu şəraitdə süni intellektin tətbiqi faydalı ola və biznes proseslərinin təkmilləşdirilməsinə töhfə verə bilər.