1-2 aya sistem qurub bitirmək olarmı?
Sistemin 1-2 aya qurulması bir mifdir və bu, reallıqla uzlaşmır. Sistem qurmaq prosesi qısa müddətdə tamamlanacaq bir iş deyil. Biz, AYES olaraq, daxil olduğumuz şirkətlərlə işimizi “bitmə şərti” ilə başlamırıq. Əksinə, yanaşmamız belədir: “Biz sizinləyik, nə qədər ki, siz bizimlə işləmək istəyirsiniz.” Əgər hər hansı bir anda işimizi effektsiz hesab edirsinizsə, müqaviləni dayandıra bilərsiniz. Lakin bu prosesin bitmə vaxtı yoxdur, çünki sistem qurmaq və idarə etmək davamlı inkişaf tələb edir.
Sistem canlı bir orqanizm kimidir. O, biznesin içində hərəkət etməli, daim yenilənməli və inkişaf etməlidir. Sahibkarlara bu prosesi sadə dillə belə izah edirik: Sistem qurmaq, evə yeni bir heyvan almağa bənzəyir. Əvvəllər belə problemləriniz yox idi, amma heyvanı evə gətirdikdən sonra onun altını təmizləmək, yemək vermək, həkimə aparmaq kimi yeni məsuliyyətlər yaranır. Eynilə sistem də belədir. Ona diqqət göstərmək, yeniləmələr etmək və davamlı şəkildə qayğı göstərmək lazımdır. Bu, sanki şirkətinizə yeni bir canlı gətirmək kimidir – onu yaşatmalı və inkişaf etdirməlisiniz.
Sistem nəhayətində sizə böyük fayda və geri dönüş təmin edəcək, amma bu, zamanla baş verəcək. Sahibkarlarla görüşlər zamanı, əgər onların dərhal nəticə almaq istədiklərini hiss ediriksə, onlarla işləməkdən imtina edirik. Çünki sistem qurmaq uzunmüddətli bir prosesdir və səbr, diqqət, həmçinin davamlı qayğı tələb edir. Dərhal nəticə gözləntiləri ilə bu prosesin uğurla tamamlanması mümkün deyil.
Sistem qurmaq, qısa müddətdə həll ediləcək texniki bir layihədən daha çox, davamlı inkişaf strategiyasıdır. Əgər bu yanaşma ilə başlayırsınızsa, nəticələr də zamanla özünü göstərəcək. Amma bu proses səbr və diqqətlə həyata keçirilməlidir.